суббота, 29 января 2011 г.

Saxta nigah diplomatiyası

Birdən elə olur ki, ən çox ona ehtiyac duyursan. Birdən yanındaykən ən zəhlən getdiyin adam o olur.
Birdən durduğun yerdə üstünə qışqırmaq istəyirsən. Birdən sadəcə öpmək...
Saçlarını sığallamaq, əlcəkləri olduğu halda geyinmədiyini görüb əllərini isitmək soyuqda.
Bəzən sən onun həyatı olursan, bəzənsə, o sənə həyatın acı tərəflərini hiss elətdirir.
Özünsən də bəzən. Amma heç vaxt gözlərində itmirsən. Bəlkə də, qorxursan, hə?
"Bəlkə, mən hələ sevmirəm?" deyirsən. Çox vaxt bunun yalan olduğunu anlayırsan saçını qulağının arxasına ötürüb sənə doğru gülərkən.
Bu necə yalan ola bilər ki?! Bu gülüş! Bu tək sağ yanaq qəmzəsi! Bu balaca gözlər! Ürəyimi əsdirən bu qoxu!
Bunun adı başqa nə ola bilər?! Sənin üçün gülür o. Onun ürəyi sənin üçün döyünür.
Bəzən sən onun həyatı olursan. Ən çox "getmə və bu gecə yanımda yat" deyərkən.
Qoşalaşıb siqaret çəkərkən bir-birinizə zillənmisinizmi heç? Kül üstünüzə tökülür, amma o kül buz kimidi eşqin yanında.
Bəzən sən siqaretsən o kül, bəzənsə, əksinə. Bir-birinizin içində bir-birinizdən doğulursunuz.
Duman nədi?
Sevgi... Bu zibil nə vaxt gəlir? Nə vaxt yürüyüşə çıxır və nə vaxt səni fəth edir? İşğal olunursan, xəbərin olmur.
Bu qeyri-şüuri təslimliyə "saxta nigah diplamatiyası" deyirəm.
Çoxdandı müstəmləkədəyəm və hələ də vücudumdakı hüceyrələr anarxizmdən çox uzaqdadırlar. Patriot olmayan zərrəciklərim bac da verir. Onlar bütövlükdə məni təşkil edirlər, təəssüf ki!
Amma... Görək də... Yeni bir maarifləndirmə prosesinin içindəyəm sanki.

0 коммент.:

Отправить комментарий