воскресенье, 5 февраля 2012 г.

# 1

Gözlərim qaşlarımın arasına dəyən qara tapança sayəsində çəpləşib. Dəqiq yadımda deyil ki, tapançaya baxırdım, tapançanı tutan ələ, yoxsa tapançanı tutan əlin yiyəsinə.
Hər şeydən əvvəl, onu deyim ki, mən zarafat qəbul etmirəm. Hətta öz doğma oğlum mənimlə zarafat etməyə çəkinir. O hamburger yeyir və "ata, bunlar hamilə qadınları xatırladır mənə" deyir. Mənsə onun yanında da siqaret çəkirəm. Lucky Strike. Gümüş. Profesional boksla məşğul olmuşam. Deyəsən, bu məndə pis alınmırdı. Ancaq, heyif ki, yarıda saxladım məşqləri. Bir müddətdən sonra artıq pul qazanmalısan, əgər sizin evinizə daimi olaraq pul gətirən bir atanız yoxdursa. Bu ata narkoman, sərxoş və ya avara da deyil. Sadəcə birdən-birə iflic olub və ayaqları tutulub. Siz qürurlu və şərəflisinizsə, işləyəcəksiniz. Nə? Savadsıznız. Bacarıqsızsınız.
İş, iş, iş... Sonda bezib dalaşacaqsınız müdirlə, əgər siz zarafat qəbul etməyən şərəfli bir boksçusunuzsa.
İlk 30 ilin ən yadda qalan günü evləndiyiniz gündür. İlk 30 ilin ən yadda qalan günü bakirəliyinizi itirdiyiniz gündür. İlk 30 ilin ən yadda qalan günü ata olduğunuz gündür və nəhayət ilk 30 ilin ən yadda qalan günü arvadınızın dostunuzla birgə qaçdığı gündür.
Güclüsünüz. Atanız iflicdir. Oğlunuz var. Acdır. Güclüsünüz.
Və siz burda - cinayətkarlığın gizli xəzinəsində bir yerlərdəsiniz. Bu şəhərdə. Günahlar şəhərində. Hər kəsin bir gizlin cinayətinin olduğu şəhərdə. Ağ görünən qaraların, varlı görünən simiclərin, güclü görünən qorxaqların və haqlı görünən yalançıların vətənində iflic atanız və körpə oğlunuzla iki otaqlı bir mənzildə öz medallarınızın, diplomlarınızın qarşısında dayanıb ucuz pivələrdən içirsiniz. Ağlınıza cinayətkar olmaq gəlməzmi? Gələr.
Mən cinayətkaram. Ağlıma cinayətkar olmaq fikri gələndən bəri cinayətkaram. Silahım da var. Yalançı deyil, əsl desert eagle. Gümüşü rəngdə. Bunu mənə hədiyyə etmişdilər. İlk öldürdüyüm 3 nəfərdən biri. Boynuna kəsici ip keçirdib ipi var gücünlə sıxdıqca o xırıldayır. Gözləri bərəlir. Həmin anda insan elə bir vəziyyətdə olur ki, həyəcandan heç nə fikirləşmək mümkün deyil. Yalnız qorxu və həyəcan. Ölür və əlləri onu boğan, ya da boğazını kəsən ipdən başqa heç nədən yapışa bilmir. Dizləri boşalır. Ayaqları uzanır-yığılır tez-tez. Qan beyninə işləməməyə başlayır. Hava nəfəs borularından süzülmür.  Nəhayət "pıx, kıx"  eliyib ölür. Rest in peace.
Sən işin öhdəsindən gəldin. Yenicə şirkət açmış bu cavanı evində sakit oturduğu yerdə öldürdün. Ondan əvvəl cangüdənlərini, ondan əvvəl itlərini, ondan əvvəlsə ilahi ədalətə olan inamıvı. Öldürməmişdən əvvəl siqaret çəkirsən, öldürdükdən sonra vicdan əzabı. Bir siqaretlə bir parça vicdan həyatla ölüm arasındakı boşluğu doldurur.
Pul alırsınız əvəzində. Çoxlu pul alırsınız. Sonra bir neçə varlanmağa meyilli insan daha öldürürsünüz və iki otaqlı evinizi dörd otaqlısı ilə dəyişəcək qədər çoxlu pulunuz olur. Oğlunuz böyüməyə başlayır və siz onun necə böyüdüyünü qanlı baxışlarla izləyirsiniz. Onun boğazından bu gün benzindoldurma məntəqəsinin müdirinin qanı keçdi. Bu gün sizin oğlunuz bir taksi dayanacağının başçısının kəsilmiş penis qızartmasını yedi. Bu gün oğlunuz dörd tərəfi çin restorantlarıyla əhatəli olan küçənin uzuc brazilyalı və çinli fahişələrlərinin  südlərini əmdi. Belə-belə körpəniz böyüdü. Ata olmaq çətindir, razıyam.
Siz öldürdükcə qəddarlaşırsınız. Qaşlarınız bir az da çatılır, üzünüz bir az da saqqallanır, burnuvuzun kənarlarındakı qırışlar bir az da dərinləşir, geyiminiz qaralır, bıcağınız itiləşir, dostlarınız azalır və yox olur, ən sonda isə kiçik mənzildə alacaqlarınız başınıza silah dayayır.

0 коммент.:

Отправить комментарий