понедельник, 20 февраля 2012 г.

Birdən geriyə doğru.

Birdən düşərmiş Dünyaya qaranlıq.
Çünki bura düşüsəlidir.
Qaranlıq da bir işıqdır... Zəif işıq.
Sakitliyin cingiltisi... Uzaqların xəyalı.
Əslində var olanın azaldılmış dərəcəsində yox olanlar var.
Yox olanlar deyil də, heç olmuyanlar deməliydim sanki.
Çünki yox olan, nə vaxtsa varmış kimidir.
Başı dikdir.
Məni yox etdilər - deyir.
Ondan güclülərdi, deməli, var olanlar.
Bir az olandan yazırsan, bir az olub-keçəndən,
Oldu, keçdi. Bəsdi artıq.
Bu an qaranlıq çökübsə dünyana,
Sən işıqsan, zəifləmisən, yəqin.
Heç nə demirəm!
Əgər təksənsə, sən təksən.
və sən tək olduqca azalacaqsan, işıqsansa parıltını da unut, dostum.
Çünki təksən.
Qocasan və ətrafda kimsə yoxdu.
İllər bir an içində bitdi, ömür gəldi-gedir, hər şey oldu-keçdi.
Birdən olur onsuz da hər şey.
Qaranlıq da birdən çökür.
İşıq da birdən sönür.
Birdə bitən ən pis şey geri saymaqdır.
Donmuş bir göl üstündə gəzmək kimi çatır-çatır çatırdayır hər saniyə.
Və...
Birdən etibarən sən artıq dərindəsən, donursan, qaranlıqdır.
Qışdı, bu.
Ömrüvün qışıdı.

-Birdən düzəldi hər şey?

-Düzəlməyəcək. Birdən keçib artıq. İndi sıfırdı.

Göstəriş


Böyüdünüzsə, ağıllandınız sayılmaz. Sayılmırsınızsa deməli ya təksəniz, ya da yoxsunuz. Yox olmaq problem deyil, amma təklik... Bu, deyəsən, faicədir.

среда, 15 февраля 2012 г.

Səsdən iraq.

Gözdən bir iraq qorxusu!
Dildən bir söz sallanır, kipriklərdən bir baxış.
Dodaqlarını bir tərəfli sürüşdürüb gülərdin,
İsti bir dəmirə toxunub geriyə çəkilən bir əl kimi çəkilərdi dodaqları məni öpdükdən sonra.
Kimsə görməsə də bizi gizli-gizli bir ağacın kölgəsində qucaqlaşıb əyləşərdik gecə vaxtı.
Susardıq ustalıqla.
Uzun-uzun susardıq. Uzanıb susanırdıq. Öpüşüb susardıq.
Nəyimə lazım idi mənim "bütün gün nə etdin?"in cavabı olan cümlələr?!
Sənin nəyinə lazım idi  ki, mən nə haqda nə fəlsəfə goplamışdım?!
Biz sadəcə gözəl bir cüt susanlar idik.
Bir ağacın kölgəsində susdunsa bir sevgilinlə, deməli evlilik də olmayacaq.
Filmlərdə bu cür olur.
Tez ölən eynəkli köklər, sonda yanan vampirlər və fahişəyə vurulan killer kimi.
Filmlər də bu cür olur.
Ağacın altında susanlar hər zaman ayrılır... Ya biri ölür,
ya biri olur, biri ölür.
Ya sən çox susursan, ya mən az danışıram.

İki lalın sevgisi filmlərdə ola bilməz.

четверг, 9 февраля 2012 г.

#2

Yadıma gəlir ki, məşqlərdən birində məndən qat-qat güclü olan bir belarus idmançıya ondan qat-qat gücsüz olduğumu necəsə hiss elətdirmişdim. Rəqibimə niyə güclü görsənməliyəm ki ?! Gəlsin, parçalayım.
Parçala və hökmüranlıq et!
Düz burnunun üstünə və ardınca da gicgahlarına dalbadal endiryim iki zərbədən sonra yerə yıxılıb bir neçə dəqiqə özünə gələ bilməmişdi o. Mənimsə burnumun artıq neçənci dəfə sınmağı, sol gözümün zərbələrdən şişib bağlanmağı və potensial kəllə-beyin travması ağrılarım qələbə sevincinin yanında buxarlaşmışdılar sanki. İndi zaldakı olmayan bütün obyektivlər mənə baxır, xəyali tamaşaçılar məni alqışlayır, bikinili round manikenləri qoluma girib mənim yaralarımı öpürlər və Don King deyə bir maymaq bahalı zənci barmaqları ilə əlimi sıxıb "bravo, cavan oğlan" deyir, "çox dözümlüsən". Hər zamanki pırpız saçları uşaq vaxtı yediyim pambıqları xatırladır mənə və dünyanın bütün kanallarının kameraları qabağında bu sırtıq zəncinin saçlarını dişləməmək üçün özümü güclə saxlayıram.
"Bura bax, dözümlü adam, hər döyüş başına milyonlar qazanmaq istəyirsən?" deyir mənə.
"Dözümlünü  Güclü  ilə əvəz etmək olmaz, Mr. Don King?"
"Xeyir, olmaz. Sən güclü deyilsən. Sən dözümlüsən".
Əsəbimdən durmadan gülümsəyən bu qara şeyə var gücümlə vururam. Həmin andaca reallığa qayıdıram. Addım səslərinin belə əks-sədası eşidilən bomboş, köhnə kürüş bir zalda nimdaş bir rinqdə önümə bir ayı uzatmışdım. Haqqım dözümlü olmamalı idi.
Hər şey bu cür də olardı, yəqin ki. Hələliksə, bu ağ ayını xatırladan və hələ də huşsuz olan quşbeyin əzələ torbasını məşqçiləri və yanındakı bir neçə nəfər sürüyüb rinqdən kənara çıxartmışdılar. Məşqiçim mənə yaxınlaşıb "Çöx dözümlüsən, əclaf" deyib yıxılacağımdan ehtiyat edirmiş kimi məni qucaqlamışdı.
Dözümlünü  güclü ilə əvəz etmək yəni bu qədər çətin məsələdir? "Kim bu ayıya 8 raund dözə bilər?" yarışında yox, "Kim qazanar?" və ya "Kim Güclüdür?" və ya "Yalnız Güclülər ayıq qalacaq"  şaousunda olmalıydıq axı. Axı dözmək demək, dözüləsi şeylər yaşamaq deməkdir. Dözmək, olanlara baş əyməkdir və ya dözmək dindarlıqdır. Bəlkə də qorxaqlıqdır dözmək, ya da bütün faicələri qəbul etməkdir. Mənim üçün isə, dözümlü olmaq gücsüz olmaq anlamına gələn bir söz kimi səslənirdi. Mən dözümlü yox, güclü olmaq istəyirdim.
Qısası ən çıxılmaz vəziyyətlərimin strategiyası idi boks. Çılpaq əllə endirilən zərbələr hər zaman daha çox ürəyimcə olardı. Birbaşa sümüyə təmas. Yumruqlarım neçə almacıq sümüyü sındırıb, yadımdan çıxıba artıq. Bir boksçunun üz nahiyəsindən eyni yerə dalbadal 7-8 yumruq endirməsi kimi ağrı verən heç nə yoxdur. Yıxıb yerə üstündə oturursan və vurursan, vurursan və vurursan, vurursan. Çart-çart eliyənə qədər vurursan, üzünün forması dəyişənə qədər, ya da hər üzünə vurduqca ağzından burnundan fışqıran qan bəlğəmli hala gələnə qədər. Heç bir insan buna dözə bilməz. Ancaq bunu edən güclüdür. İlk dəfə bu cür öldürmüşdüm. Mənə pul gətirməli olacaq məşğuliyyət, nəhayət ki, bir sənət, daha doğrusu, bir iş halına gəlmişdi. Mən boksçuluqdan yox, güclü olmaqdan pul qazanırdım.
Öldürmək istədiyimi öldürürdüm. Döymək istədiyimi döyüb öldürürdüm. Gümüş tapançalara marağım isə məni əl sümüklərimin tez-tez sınmasından xilas etdilər. Səsli-küylü silahlar heç vaxt tappıltılı yumruqların əvəzini verə bilmirdi, ancaq uzaqdan idarə olunan əzrayıl kimidi tapançalar. Onlar bəzən qurbanları uçurdub divara çırpır. Bəzən alına dəyən bir güllə gözüaçıq yola salır insanları.

Mən tapançaları təpəgözlərə oxşadıram. Onlar qorxuncdurlar. Tutan da qorxur, tuşlanan da.

Hal-hazırda başıma tuşlanan bir tapança var. Mənsə əlləri başının arxasında onların qabağında diz çökmüş vəziyyətdəyəm.

воскресенье, 5 февраля 2012 г.

# 1

Gözlərim qaşlarımın arasına dəyən qara tapança sayəsində çəpləşib. Dəqiq yadımda deyil ki, tapançaya baxırdım, tapançanı tutan ələ, yoxsa tapançanı tutan əlin yiyəsinə.
Hər şeydən əvvəl, onu deyim ki, mən zarafat qəbul etmirəm. Hətta öz doğma oğlum mənimlə zarafat etməyə çəkinir. O hamburger yeyir və "ata, bunlar hamilə qadınları xatırladır mənə" deyir. Mənsə onun yanında da siqaret çəkirəm. Lucky Strike. Gümüş. Profesional boksla məşğul olmuşam. Deyəsən, bu məndə pis alınmırdı. Ancaq, heyif ki, yarıda saxladım məşqləri. Bir müddətdən sonra artıq pul qazanmalısan, əgər sizin evinizə daimi olaraq pul gətirən bir atanız yoxdursa. Bu ata narkoman, sərxoş və ya avara da deyil. Sadəcə birdən-birə iflic olub və ayaqları tutulub. Siz qürurlu və şərəflisinizsə, işləyəcəksiniz. Nə? Savadsıznız. Bacarıqsızsınız.
İş, iş, iş... Sonda bezib dalaşacaqsınız müdirlə, əgər siz zarafat qəbul etməyən şərəfli bir boksçusunuzsa.
İlk 30 ilin ən yadda qalan günü evləndiyiniz gündür. İlk 30 ilin ən yadda qalan günü bakirəliyinizi itirdiyiniz gündür. İlk 30 ilin ən yadda qalan günü ata olduğunuz gündür və nəhayət ilk 30 ilin ən yadda qalan günü arvadınızın dostunuzla birgə qaçdığı gündür.
Güclüsünüz. Atanız iflicdir. Oğlunuz var. Acdır. Güclüsünüz.
Və siz burda - cinayətkarlığın gizli xəzinəsində bir yerlərdəsiniz. Bu şəhərdə. Günahlar şəhərində. Hər kəsin bir gizlin cinayətinin olduğu şəhərdə. Ağ görünən qaraların, varlı görünən simiclərin, güclü görünən qorxaqların və haqlı görünən yalançıların vətənində iflic atanız və körpə oğlunuzla iki otaqlı bir mənzildə öz medallarınızın, diplomlarınızın qarşısında dayanıb ucuz pivələrdən içirsiniz. Ağlınıza cinayətkar olmaq gəlməzmi? Gələr.
Mən cinayətkaram. Ağlıma cinayətkar olmaq fikri gələndən bəri cinayətkaram. Silahım da var. Yalançı deyil, əsl desert eagle. Gümüşü rəngdə. Bunu mənə hədiyyə etmişdilər. İlk öldürdüyüm 3 nəfərdən biri. Boynuna kəsici ip keçirdib ipi var gücünlə sıxdıqca o xırıldayır. Gözləri bərəlir. Həmin anda insan elə bir vəziyyətdə olur ki, həyəcandan heç nə fikirləşmək mümkün deyil. Yalnız qorxu və həyəcan. Ölür və əlləri onu boğan, ya da boğazını kəsən ipdən başqa heç nədən yapışa bilmir. Dizləri boşalır. Ayaqları uzanır-yığılır tez-tez. Qan beyninə işləməməyə başlayır. Hava nəfəs borularından süzülmür.  Nəhayət "pıx, kıx"  eliyib ölür. Rest in peace.
Sən işin öhdəsindən gəldin. Yenicə şirkət açmış bu cavanı evində sakit oturduğu yerdə öldürdün. Ondan əvvəl cangüdənlərini, ondan əvvəl itlərini, ondan əvvəlsə ilahi ədalətə olan inamıvı. Öldürməmişdən əvvəl siqaret çəkirsən, öldürdükdən sonra vicdan əzabı. Bir siqaretlə bir parça vicdan həyatla ölüm arasındakı boşluğu doldurur.
Pul alırsınız əvəzində. Çoxlu pul alırsınız. Sonra bir neçə varlanmağa meyilli insan daha öldürürsünüz və iki otaqlı evinizi dörd otaqlısı ilə dəyişəcək qədər çoxlu pulunuz olur. Oğlunuz böyüməyə başlayır və siz onun necə böyüdüyünü qanlı baxışlarla izləyirsiniz. Onun boğazından bu gün benzindoldurma məntəqəsinin müdirinin qanı keçdi. Bu gün sizin oğlunuz bir taksi dayanacağının başçısının kəsilmiş penis qızartmasını yedi. Bu gün oğlunuz dörd tərəfi çin restorantlarıyla əhatəli olan küçənin uzuc brazilyalı və çinli fahişələrlərinin  südlərini əmdi. Belə-belə körpəniz böyüdü. Ata olmaq çətindir, razıyam.
Siz öldürdükcə qəddarlaşırsınız. Qaşlarınız bir az da çatılır, üzünüz bir az da saqqallanır, burnuvuzun kənarlarındakı qırışlar bir az da dərinləşir, geyiminiz qaralır, bıcağınız itiləşir, dostlarınız azalır və yox olur, ən sonda isə kiçik mənzildə alacaqlarınız başınıza silah dayayır.