...
Bir dəfə yenə gecə vaxtı hündürlükdən şəhərimizi seyr edərkən mənə demişdi:
“Uça bilmək bəzən elə də gözəl bir şey olmaya bilər. Amma bəzən dünyanın ən gözəl hissi uça bilmək olur. Əllərivi yana, qabağı, ya da sadəcə olaraq böyrüvə salaraq özüvü boşluğa buraxırsan və bu an gözlərivi qətiyyən yummamalısan. Uçmaq istədiyin yeri görməlisən və bir anda orada tapırsan özüvü. Necə gedirsən heç özün də anlamırsan. Sürət nəfəsivi kəsə də bilər, ancaq sən o an ərzində heç nəfəs də almırsan. Sadəcə ona görə ki, nəfəs almağa vaxtın olmur. Bir anda gah burda, gah da digər yerdəsən. Amma bu heç vaxt eyni anda iki yerdə olmaq demək deyil. Sürət önünə keçə bilmədiyimiz zövqlərimizdən biridir. Bəzən daha da sürətli olum deyərkən, daha çox zərər çəkərik. Bəzənsə, yavaşladığımıza görə üzülürük. Eynilə səninlə Lalə arasında olan gecikmə kimi. Azacıq ləngimə və siz ayrısınız. Gecikmənin və tələsmənin orta yolunu tapmaq çox çətindir. Mənimçün çarə çox az hallarda zamanda səyahət olur. Bundan nə qədər əzab çəkdiyimi ölən yaxınlarımdan bilirəm. “Kəpənək effekti” kimi bir şeyi düşün. Onda anlayarsan məni, bəlkə. Bəlkə də, nə vaxtsa zamanda səyahət edib yaxınlarını qurtarsan, gələcəyin faciələrini anlayacaqsan. Zaman belədir. Qəddar və rəhmsiz. Hətta mən belə onunla bacarmıram. Nə qədər güclü olsan da, heç vaxt zamanda səyahət etmə, əziz dostum!”
Mənsə, hər zamankı kimi böyük bir diqqətlə ona qulaq asırdım. Gözlərimsə uzaqlardan yanıb sönən işıqlarda idi. Onlar mənə zövq vermək üçün bəzən uzaqlardan gözlərimə qədər olan məsafəni ustalıqla dəf edirdilər, hərdənsə dadı damağımda qalsın deyə yarı yolda Xəzərdə boğurdular özlərini. Bəlkə də, mənim kimi gecə vaxtı dənizə zillənən başqa bir gözə dəyişirdilər gözlərimi. Bilmək olmaz. Amma mən uçmağı həqiqətən də çox arzulayırdım. Supermen kimi olmaq yox, amma bircə gecəlik Xəzərin üzərində uçmaq. Bax bu əsl ləzzət olardı.
Sakit Xəzər. Suya toxunan barmaqlarım. Dəniz üzərindən cəmi bir neçə santimetr yuxarıdayam və son sürət irəliyə doğru uçuram. Möhtəşəm hisslərdi bunlar.
İndi bütün bunları xatırlayanda uça biləcəyimi hiss edirdim dərinlərdən. Onmərtəbənin damından dənizə baxıram. Məni çağırır o. Laləm də məni səsləyir bir tərəfdən. Gecə saat üçdür və binanın lap küncündən ayaqlarımı boşluğa sallamışam. Qulaqlarımda hər zamankı kimi mahnılar gedir. QaraQan deyir:
Bir gün uçacam qara qanadlarla. Gedəcəm, qalacaq nə izim, nə tozum.
Düşündüm içimdən. “O gün bu gündürmü?”.
Ayağa qalxdım. Ayaqlarım uçurumun tam kənarındaymış kimi binanın damını hasarlayan kərpiclərin lap ucundaydı. Bu gecə ilk dəfə gecə vaxtı dayım mənimlə deyildi. Onun söhbtlərini özləyirdim. Məsləhətlərini və anlamadığım fəlsəfi fikirləri üçün darıxırdım.
Qulağımda qulaqcıqlar. Əllərim halsız bir şəkildə şalvarın ciblərində gizlənib. Həmişəki kimi başımda kapüşon. Qara. Sadiqəm əqidəmə. Yağış başlayır yavaş-yavaş. Aram-aram üzümə düşən bala damcıları xoşlayıram. Onlar da mı uçurlar? Yoxsa sadəcə onlara verilən işgəncədir bu “uçuş”? Göylərdən yerlərə uzun bir yol. YOL. Xeyir. Bu yol deyil. Bu boşluqdur. Boşluq işgəncədən başqa bir şey deyil. Boşluq heçlikdir. Heçlik yoxluqdur. Bu cür yoxluqdansa, çarpışan qara buludlarda şimşək mi olmaq gözəldir? Yoxsa, yoxluğa doğru gedən yolda möhtəşəm bir adrenalin mi? Mən hansını seçərdim görəsən? Mənim üçün də mi uçmaq sonuma yaxınlaşan bir adrenalin olacaqdı, görəsən?
Tam başımın üstündə şimşək çaxdı. Göy yarıldı sanki. İldırım “Mən də varam dünyada” deyə Allaha üsyan edirdi sanki. Sanki sakitçiliyimi, QaraQanın səmimiyyətini qısqanırdı. “Mənimlə də danışın, nolar!” deyə ağladı var gücü ilə. Bir anda üzümə vedrədən tökülürmüş kimi iri-iri damcılar düşməyə başladı. Kapişon başımdan çıxdı. Başımı yuxarı qaldırdım. Boynumda enlənib şişən damarlarımı hiss etdim. Partlayacaq kimiydilər. Dodaqlarım əsirdi. İldırım məni əsəbləşdirmişdi. Möhkəm guruldayırdı. Əvvəl işığı, daha sonra isə səsi gəlirdi. Hər dəfə özünü göstərdikcə üzümə doğru yaxınlaşan milyonlarca amansız yağış damlasını bir saniyə ərzində görürdüm. Sonra növbəti aydınlığa doğru gizlənirdilər qaranlıqda. Dişlərimi bir-birinə sıxırdım. Yumruqlarım sərtləşirdi. Bir zərbəylə dağlarda mağara aça biləcək qədər güclü olduğunu düşünürdüm yumruqlarım barədə. Qollarımdakı Dəli Kürlər coşurdu. Venalarım alışırdı. Qan gözlərimə yığılmışdı. Artıq hər tərəfi aydın görürdüm. Damcılar asta-asta, tələsmədən üzümə dəyib balaca parçalara bölünürdü. Göylərin məni boğacağından qorxdum. Dizlərimi azca yığdım, əllərimi, yumruqlarımı göyə doğru, düz başımın üstündəki qəddar, həyasız, şüvən düşmənimə tərəf tuşladım... və... özümü havaya tulladım.
Bir anda ildırımla toqqaşdım. Beynim sirkələndi. Necə oldu anlamadım. Bədənimdən milyonlarca voltluq elektrik keçirtmişdilər sanki. Tir-tir əsirdim. Ayağımı qoymağa yer axtardım. Amma gözlərim yumulu olduğundan harda olduğumu heç bilmirdim də. Qulağm tutlmuşdu. Heç nə eşitmirdim. Göz qapaqlarımın altından parıldayan günəş şüalarını hiss edirdim. Adrenalin ən üst səviyyədə idi. Hərarət son həddə çatmışdı. Dumanlar çıxırdı bədənimdən. Əllərim-ayaqlarım boşaldıqca boşalırdı. Qanımın hərəkəti dayandı. Gözlərimi açdım. Gördüyüm günəş şüaları yox, ildırımın işığı idi. Daha güclü, daha parlaq. O artıq acıqlanmırdı. O sevinirdi. Sevinirdi ki, elə ilk qarşılaşmada məni knock out edə bildi. Elə ilk zərbədən ağlımı başımdan ala bildi. İndi vicdansızcasına qəhqəhələr atırdı göylərdə. Bu qəhqəhələr mənə çox tanış idi. Uşaqlığımın kabusları. Onları yaxşı xatırlayıram. Amansız və tərbiyəsiz gülüşlər. Buludların şevişmə səsi. Ah-nalələr. Qulağımın təbil pərdələri ən az uşaqlığımdakı qədər bərk çalınırdı. Qorxurdum. Əvvəlcə asta-asta buludlardan bala yağış damlası kimi endiyimi hiss etdim. Sanki belimdə paraşüt vardı. Kürəyim üstə yerə yaxınlaşırdım. Gözlərim bərəlirdi və nəfəs də ala bilmirdim. Ölümümə lap az qalırdı, ancaq adrenalin məni tərk etmirdi. Sonra birdən hər şey sürətləndi. Beynim hərəkətə gəldi və qollarımı tərpədə bildim axır ki... Amma... Çox gec idi. 5-6 saniyəyə onurğam üstə asfalta girdim. Huşum küsdü məndən. İnciyib itdi...
Gözlərim yavaşca yumularkən bir-iki dəfə qırpıldı. Səslər yavaşladı. İldırım və göy gurultusu itdi. Hər yer qaraldı. Anlamışdım. Mən azğın buludlara qəhrəman dəniz səyyahlarının böyük dalğalara meydan oxuduğu kimi meydan oxumuşdum. Elə həmin səyyahlar kimi də məğlub olmuşdum. Mən qara buludların içərisinə doğru uçmuşdum. İldırımla toqqaşmışdım və bu qədər hündürlükdən son sürət yerə dəymişdim. Sevinməliydim mi? Bala damcılar bu cürmü hisslərlə yoxluğa doğru can atırlar? Mən heçlikdəmiydim? Ölməyəcəkdim... Bilirəm...
...
Gözlərim yavaşca yumularkən bir-iki dəfə qırpıldı. Səslər yavaşladı. İldırım və göy gurultusu itdi. Hər yer qaraldı. Anlamışdım. Mən azğın buludlara qəhrəman dəniz səyyahlarının böyük dalğalara meydan oxuduğu kimi meydan oxumuşdum. Elə həmin səyyahlar kimi də məğlub olmuşdum. Mən qara buludların içərisinə doğru uçmuşdum. İldırımla toqqaşmışdım və bu qədər hündürlükdən son sürət yerə dəymişdim. Sevinməliydim mi? Bala damcılar bu cürmü hisslərlə yoxluğa doğru can atırlar? Mən heçlikdəmiydim? Ölməyəcəkdim... Bilirəm...
...
0 коммент.:
Добавлять новые комментарии запрещено.