суббота, 24 марта 2012 г.

What do you see when you close your eyes?

Gündüz mənə gecə 1-ə kimi şəhərdə olacağını demişdi. Hardasa PUB kafelərin birində yenə hansısa bir qızla əylənəcəkdi. Son zamanlar ətrafı dəyişilib. Deyəsən, dərman zad da qəbul edir. Anasının xəbəri də yoxdur yazıq oğlunun düşdüyü vəziyyətdən. Bir-iki nəfər uşağın gənc beynindən əməlli-başlı istifadə edir. Dostlarımızdan çoxu ondan artıq əllərini üzüblər. Təkcə mən qalmışam onu bu bataqlıqdan çıxartmağa çalışan. O isə durmadan deyinir, gileylənir, zamanədən şikayətlənir, içir, deyinir, söyüş söyür, içir, içir, içir. Ayıq vaxtında necə olduğunu artıq mən özüm də xatırlamıram. Hərdən heç bir ehtiyac olmadan, durduğu yerdə, səbəbsiz falan ucadan qışqıra-qışqıra söyüş söyür. Bir əlində siqaret, bir əlində pivə heç dəyişilməyən gülərüz baxışlarla aşağıya doğru sürətlə enir Gündüz.
Telefonda səsi yenə çox pis gəlirdi. "Hər şey qaydasındadı, Orxan"ı elə deyirdi ki, elə bil "yalvarıram, gəl apar məni bu murdarların əlindən" deyirdi. Bunu duymaq çətin deyildi. Axı o mənim çoxdankı dostumdur. Hər halından xəbərim var. Nə qədər də indi məni saymasa da, bir dost kimi qəbul etməsə də, mən onun bu lazımsız qürurlarının bir gün bitəcəyini bildiyim üçün yanından ayrılmırdım. Dost borcumu yerinə yetirim deyə yox, sadəcə insanlıq borcumu yerinə yetirim deyə. O yaxşı biridir. Yaxşı insandır. Olduğu yerə layiq deyil.
Bir neçə il bundan əvvəl Azərbaycanda bir qrup fəal gənc var idi ki, öz fəlsəfi təlimlərini və siyasi propagandalarını sırv gənclər üzərindən həyata keçirirdilər. Təşkilatın necə maliyələşdiyi və hər növbəti siyasi gedişin planını kimdən aldığı məlum olmasa da, öz ətrafına yetərincə ziyalı kütlə yığa bilmişdi. Bir neçə beyinyuma "əməliyyatı" və anti-imperialist nitqləri ilə içində cuzi etiraz qığılcımı olan hər yeniyetmə gəncliyini burda qurban verməyə hazır vəziyyətə gəlirdi. Analitik düşüncəsizlik onları uçuruma aparan tək səbəb idi. Bir qədər pafos, bir qədər əyləncə, bir qədər protest, bir qədər də sərbəstlik. Üstündən 7-8 il ötdükdən sonra naməlum səbəblərdən ötrü bu təşkilat dağılmışdı. Havada asılı qalan həmin nəsil gənc kütlə isə özlərini tam qarşı olduqları məkanlarda tapmışdılar.
"İnsan nəyə qarşı radikaldırsa orada ölür"
Əlbəttə, aralarından bir neçə nəfər də mənfiyə doğru çox dəyişilmişdi, amma Gündüz kimisi olmamışdı.
Hal-haızrda harada olduğunu bilmirəm. Zəng edirəm də telefonuna zəng çatmır. Bilmirəm bunun axırı necə olacaq, amma bircə onu bilirəm ki, bəzi dəyərlər var ki, onların üstündən heç bir vatx xətt çəkmək olmaz. Dostluq, ailə, sevgi kimi dəyərlər, məsələn. Biz yalnız sevdiklərimiz üçün can yandırırıq. Sevdiklərimiz isə ancaq tanıdığımız insanlardan ibarət olmalıdır. Tanımadığımız ən günahsız körpələrin güllələnməyi, kütləvi insan yandırma koloniyaları, hər gün acından qırılan minlərlə xalqın taleyi bizi qəhərləndirmir axı. Biz ki onları tanımırıq. Bəs yanımızdakılar necə? Bəs öz ətrafımız? Onlarla hər şey qaydasındadır?
İnanmıram.
Çətin ki, bundan sonra bir də qəhrəman gələ.
Gündüzdən zəng gəldi.

0 коммент.:

Отправить комментарий