суббота, 29 января 2011 г.

Saxta nigah diplomatiyası

Birdən elə olur ki, ən çox ona ehtiyac duyursan. Birdən yanındaykən ən zəhlən getdiyin adam o olur.
Birdən durduğun yerdə üstünə qışqırmaq istəyirsən. Birdən sadəcə öpmək...
Saçlarını sığallamaq, əlcəkləri olduğu halda geyinmədiyini görüb əllərini isitmək soyuqda.
Bəzən sən onun həyatı olursan, bəzənsə, o sənə həyatın acı tərəflərini hiss elətdirir.
Özünsən də bəzən. Amma heç vaxt gözlərində itmirsən. Bəlkə də, qorxursan, hə?
"Bəlkə, mən hələ sevmirəm?" deyirsən. Çox vaxt bunun yalan olduğunu anlayırsan saçını qulağının arxasına ötürüb sənə doğru gülərkən.
Bu necə yalan ola bilər ki?! Bu gülüş! Bu tək sağ yanaq qəmzəsi! Bu balaca gözlər! Ürəyimi əsdirən bu qoxu!
Bunun adı başqa nə ola bilər?! Sənin üçün gülür o. Onun ürəyi sənin üçün döyünür.
Bəzən sən onun həyatı olursan. Ən çox "getmə və bu gecə yanımda yat" deyərkən.
Qoşalaşıb siqaret çəkərkən bir-birinizə zillənmisinizmi heç? Kül üstünüzə tökülür, amma o kül buz kimidi eşqin yanında.
Bəzən sən siqaretsən o kül, bəzənsə, əksinə. Bir-birinizin içində bir-birinizdən doğulursunuz.
Duman nədi?
Sevgi... Bu zibil nə vaxt gəlir? Nə vaxt yürüyüşə çıxır və nə vaxt səni fəth edir? İşğal olunursan, xəbərin olmur.
Bu qeyri-şüuri təslimliyə "saxta nigah diplamatiyası" deyirəm.
Çoxdandı müstəmləkədəyəm və hələ də vücudumdakı hüceyrələr anarxizmdən çox uzaqdadırlar. Patriot olmayan zərrəciklərim bac da verir. Onlar bütövlükdə məni təşkil edirlər, təəssüf ki!
Amma... Görək də... Yeni bir maarifləndirmə prosesinin içindəyəm sanki.

четверг, 27 января 2011 г.

Dark knight (Dahi Joker)

Filmin bəlkə də bu qədər uğuruna səbəb Batmanin əzəli və çoxdankı düşməni şizofren Joker obrazı idi.
O menfi obrazdır. Ancaq film başdan-sona onun planları və əyləncələri içində keçir.
Batman belə onun və planlarının qarşısında acizlik çəkir.
Jokerin dərdi nə terrordu, nə də ki öldürməyin gözəlliyi. O sadəcə özünü tamamlayan müsbət bir qəhraman axtarışındadır və bu qəhrəman, sözsüz ki, Batmandan başqası ola bilməz. Batmani məhv etmək üçün şəhərin ən qəddar mafyozlarını belə Joker son dərəcə rahatlıqla yola gətirir və bunun üçün onların ümumi pullarının tam yarısını istəyir.
Batman, hələ ki, Jokerlə bacaracaq qədər böyümüş deyil.
Film haqqında :
Batmanlə polis idarəsinin qarınsız rəisi Qordon və yenicə prokuror olmuş Xarvi Dent şəhəri bütün pisliklərdən tamamilə təmizləmək üçün iş birliyinə girişirlər. Hardasa bacarırlar da... Ancaq düşünülməmiş bir şey olur.
Hardansa, Joker adlı bir şəxs çıxır və bir anda bütün şəhərdə, əhalidə Batmanə qarşı olan müsbət düşüncəni alt-üst edir. Üzündə əcaib-əcaib yara izləri olan Joker durmadan oranı-buranı partladır, kimlərisə öldürür, kimlərisə qorxudur. Səbəb? Səbəb Batman masqası altındakı insanı tapmaq və onu öldürməkdir.
Şəhər bir anda xaosa sürüklənir. Hər yer yanır, dağılır, partlayır, bir-birlərinə güvənən insanlar paranoyalara qapılır. Bütün şəhərdə qaçaqaç düşür.
Bütün bunları Joker cəmi bir neçə gün ərzində edir?
Qorxu və əsəb Batmani rahat düşünməyə icazə vermir. Jokersə, sadəcə öldürür, öldürür və yenə də öldürür.
Filmdə ən sevdiyim hissə Jokerin birinci dəfə tutlarkən polis şöbəsində Batmanla söhbəti oldu.
Və orda əslində kim daha ağıllıdı ortaya çıxır. Batman sadəcə uşaqdı Jokerin yanında...
Qaqa mən Jokerçiyəm )))

среда, 26 января 2011 г.

Sakit Sakit Sözlər

Salamı verməmək bir dərddi, almamaqsa başqası.
İçimdə sevgi varkən nifrətimmi başlasın?
Qoyun baş qatışsın. Gəzim, tozum, əylənim.
Hərdən təklik istəyirdim, hərdənsə təklik.
Dostlarım təkliyib yalnızlığımı bu günlər.
Bu sətrə yazdım ki, bu da gələr, bu da keçər.
O da gələr bəlkə... Bəlkə... şey...ııı...
Nəysə, nə deyəcəkdim unutdum. Boş ver.
Sağ əlinlə sol ayağın yerlərin dəyişsin.
Barmaqlar yapışsın, qaşların bitişsin.
Onsuz da vurulmuşam. Sevərdim belə də səni.
Sən mənim tək mələyim. Sən mənim tək mələyim.
Bədbinlik tərzim deyil. Yazılardır bədbinliyim.
Dəli Qeysin olsun Məcnun. Ol Leylam, olmasa Leylim.
Görəsən mən sənsiz neynim ?
Qulaq asır QaraQana beynim.
Payız olsun, kapüşonu geynim.
Önə çıxsın şairliyim.

Həyat sonda dərinə çəkəcək adamın üzünə gülərmiş.
Biri alçaq olmuş. Qan qusmuş və gəbərmiş.
Biri də lap dəliydi. Dəliyə belə fanatlıq olar?!
"İndiki dövrün gəncləri də birtəhərdi. Belə də iş olar?!
Heyif deyildi o vaxtlar?!" - Sən "o vaxtlarda" qaldın.
"Ay brat, atviçatsan?" söhbətindən iyrənirəm.
Apar uzaqlara, götür, apar qatar məni.
Demə ki "döz" , artıq yoxdu taqətim.
Gəlib də neyləmişdim ki, gedib də neyniyəcəm?
Ay ma... Ağlama da... Yaxşı, söz, evlənəcəm.
Sultan kimdi görən? Bekarlıq Xanlıqdı.
Sübh xoruzluq, rap mənlik, su da ki aydınlıqdı.
Nəysə qaranlıqdı... nnnnaaayır... kör oldum...
Yoxdu superman, Robin Qud, Koroğlu.
Bi parladımmı, inan, günəş solda sıfır qalar.
Dünya dağılanda, bəlkə, maraqlı nəysə olar...

воскресенье, 23 января 2011 г.

Personal Effects

İki bədbəxt bir yerdə xoşbəxtdir ))) 
Film haqqında o qədər şey yaza bilərəm ki!
Həyat ancaq bu qədər çılpaq göstərilə bilərdi.
Təklik, peşmançılıq, gücsüzlük, köməyə ehtiyac, sevgi, ehtiras, kompleksli ruhlar, cinayət və ölüm!
Filmdə bütün insani hisslər var.
24 yaşlı gənc milli güləşçi Walter bacısının ölüm xəbərini eşidəndən sonra hər şüyi atıb anasıgilin qaldığı kiçik rayona gəlir. Burda anasının təkidiylə psixoloji qrup terapiyasına qatılır və burda özündən xeyli yaşlı olan gözəl Lindayla (Mişel Fayfer) tanış olur. Onunla bir neçə yerdə təsadüfən rastlaşmaqları artıq talelərindən xəbər verirdi.
İki insan arasındakı sevgi ağıllarındakı bütün streotipləri sındıra bilir və onlar sevişirlər.
Linda qrup terapiyasına bu yaxınlarda öldürüldüyü ərinə görə qatılmışdı. Əslində onun və anadangəlmə kar olan oğlu Kleyin necə də qayğıya və qorunmağa ehtiyacı varmış.
Walterla aralarında çox güclü bağlar yaranır qısa vaxtda və onlar üçü xoşbəxt bir ailə şəklində yaşamağa başlayırlar.
Məhkəmə Walterun bacısının qətlində günahlandırılan insanı sərbəst buraxarkən Walterun içi qisas hissiylə dolur. Gözü heç bir şeyi görmür. Lakin sonda sevgi və vicdan bu nifrətə qalib gəlir.
Film xoşbəxt sonluqla bitsə də, insanın ürəyində melanxolik duyğulara geniş yer açır.
Ən axırda isə filmin soundtrackini deməyə bilmərəm. Mahnı damarımı tutdu.
Mişel Fayfersə, sadəcə olaraq gözəldi )))

суббота, 22 января 2011 г.

American history X

Bu da sizə irqçilik!
İrqçilərə damğa olan bir film. Ağ, qara, yaşıl, latın, yəhudi, türk ayrımçıları bu filmə mütləq baxmalıdırlar.
İdeya sadəcə olaraq super. Qardaşlıq, sülh anladan bir amerikan hekayəsi.
Hər şey hardan başladı? Quldarlığın ləğvindən? Ya quldarlığın təməlindən?
Bu ayrıseçgilik nə zaman başladı? Kim başlatdı bütün bu müharibələri?

Amerikanın kiçik skinxed dəstələrindən birinin gənc lideri Derek (Edward Norton) iki qaradərilini öldürdükdən sonra həbsə düşür.
Həbsxanada da azadlıqda olduğu kimi bir neçə irqi qruplaşmalar var. Derek özü demişkən, ilk gündən bayrağının hara əsdiyini göstərməliydi və o maymaq əqidəsinin tərəfkeşləri sırasına qatılır.
Aldanır.
Həbsxanadakı mənfəət üzərinə qurulan saxta əqidəçiləri gördükcə onlardan da üz çevirir və bu zaman təklənir.
Çox məşhurun başına gələn hadisə onun da başına gəlir. Öz ən yaxın bildikləri tətəfindən zorlanır. Həyatı bir anda alt-üst olur. Canını bütün bu zəhrimardan, murdar irqçilikdən və axmaq nasist tör-töküntülərindən qurtarmaq istəyir.
Lakin hər şey o qədər də asan deyil...
Lakin hər şey sadəcə istəməklə olmur.
Derek həyatını elə həbsxanada dəyişməyə başlayır. Kitablar oxuyur, indiyənə kimi etdiyi səhvləri düşünür və həyatının necə də rəzil keçdiyini anlayır. Lazımsız əqidəsindən üz döndərir.
Və ona belə bir sual verilir: "Həyatını daha yaxşı keçirtmək üçün nə etmisən?"
Bax bu sual onu ağladır. Azadlığa çıxdıqdan sonra hər şeydən qurtulduğunu düşünür. Ancaq onun kimi gerifikirli zəncilər də az deyil. Bu zəncilər onun qardaşını öldürür.
Dereksə, sadəcə ağlayır və o, artıq heç nəyi geri qaytara bilməz.
Bəzən özümüzü tapmaq üçün bizdən aslı olmadan kimlərsə qurban olur. Atası öldükdən sonra skinxed olan Derek, qardaşı ölməmişdən az əvvəl skinxedliyə nifrət edən birinə çevrilir.
Belə bir amerikan hekayəsinə çəkilən film.
Son səhnə həqiqətən də acı idi.

пятница, 21 января 2011 г.

Heynrix Böll - The Clown (Bir təlxəyin düşüncələri)

Nobel mükafatı lauriatı dahi alman yazıçısı Heynrix Böll bu gün də mənim bloqumun qonağıdır )))
Onu ilk dəfə "www.qaradaqırmızı.com" saytında qoyulan "Bıçaqoynadan" hekayəsindən sonra tanımışam.
Əlimə bu kitab keçəndə çox sevinmişdim. Dəyərli bir şey olduğu adından bəlliydi onsuz da.
Təlxək.
Düşüncələr.
Bu cür şeylər hər zaman məni özünə çəkib. Bu balaca romanı oxumağa başlayandan sonra əl çəkə bilmədim və bir oturuma kitab bitdi. Söhbətlər və düşüncələr həqiqətən də çox maraqlı idi.
II dünya müharibəsindən sonrakı standart alman düşüncəsini yerlə yeksan eləyən bir ideya ilə qələmə alınan əsər məni yazıçının başqa kitablarını da oxumağa vadar etdi. Kitabın baş qəhrəmanı varlı riyakar ailəsinin bütün imkanlarından üz çevirib sevdiyi və özünü xoşbəxt saydığı işlə məşğul olmaq üçün evdən ayrılıb. O sadəcə olaraq bir təlxəkdir. Nömrələr göstərir, dala dombalaq aşır və ya öz yazdığı bir neçə satirik əhvalatları danışır tamaşasına gələnlər üçün.
Arvadı onu atıb getmişdir. Gülərüz təxəyin qrim arxasındakı peşmanlığı da var bu romanda. Ailəsi, dostları, sevdiyi həyat yoldaşı artıq dəyişib və onları tanımaq mümkün deyil.
Hər kəs müharibədən sonra nədənsə, şovinist ruhlarını tərk ediblər. Böllün təlxəyi isə hər zaman ateist olub və qatı katolik olan arvadının dini inanclarına dırnaqarası yanaşır.
Rahiblər, rahibələr, vətənpərvərlər, millətçilər, dindarlar və s. Bu tip fikirlər əsərdə darma-dağın edilir.
Sən demə, hər kəs, vicdanı rahatlığını yox, sadəcə mənfəətini güdürmüş...
Təlxəksə, pula ehtiyacı olduğu halda, öz atasından belə pul almır. Belə bir atadan pul almaqdansa, küçədə skripka çalıb dilənməyi üstün tutur...
Oxuyun. Maraqlıdır.

Onore de Balzak - Qorio ata

Balzakdan oxuduğum ilk və hələlik yeganə kitab. Nöqtə Vergülümün alımışdı mənə bu kitabı ))) 
Onun təriflərindən sonra oxudum. Həmişə hansısa kitabı oxumazdan əvvəl kitab haqqında bir az məlumatlanıram. Daha sonra ən maraqlı şey hadisələrin əsas axına necə keçəcəyi və bu keçidi gözləmək  olur. Amma "Qorio ata"da, düzünü desəm, bu cür olmadı. Kitabın əvvəlləri çox, dəhşətli dərəcədə maraqsız idi. Amma sonra təriflərin layiqli olduğunu anladım və kitab məni apardı. 
Hə şeydən əvvəl yazı dili superdi. Aydın, anlaşıqlı cümlələr və çox keçmiş kitablarda olduğu kimi qrammatik səhflərin azlığı kitabı əlimdən salmadı. 
Misyö Qorio 69 yaşına çatdıqdan sonra artıq sadəcə Qorio ata olub Madam Vaqur üçün. Vaxtilə yığdığı bütün pullar artıq əlindən uçub getmişdir və o tamamilə kasıblayıb. Pullarsa, xeyirli yerlərə də xərclənib.
Ailə faciəsi, möhtəşəm təsvirlər, təsirlilik dərəcəsi və s. və i.

Kitab, əminəm ki, sizə dərin düşüncələr ötürə biləcək. Həyatın nə qədər acımasız olduğu haqqında bir daha fikirləşəcəksiniz. 
"Biz kimik?" sualı gələcək ağlınıza. "Bu qədər yaxşılıqlar nəyə lazımdır? İnsan ki nankordur" deyəcəksiniz. 
Tapın və mütləq şəxsi kitabxananızda yer edin bu kitaba. 
Məsləhətim... 
Deyirəm ki, oxuyun...