суббота, 22 января 2011 г.

American history X

Bu da sizə irqçilik!
İrqçilərə damğa olan bir film. Ağ, qara, yaşıl, latın, yəhudi, türk ayrımçıları bu filmə mütləq baxmalıdırlar.
İdeya sadəcə olaraq super. Qardaşlıq, sülh anladan bir amerikan hekayəsi.
Hər şey hardan başladı? Quldarlığın ləğvindən? Ya quldarlığın təməlindən?
Bu ayrıseçgilik nə zaman başladı? Kim başlatdı bütün bu müharibələri?

Amerikanın kiçik skinxed dəstələrindən birinin gənc lideri Derek (Edward Norton) iki qaradərilini öldürdükdən sonra həbsə düşür.
Həbsxanada da azadlıqda olduğu kimi bir neçə irqi qruplaşmalar var. Derek özü demişkən, ilk gündən bayrağının hara əsdiyini göstərməliydi və o maymaq əqidəsinin tərəfkeşləri sırasına qatılır.
Aldanır.
Həbsxanadakı mənfəət üzərinə qurulan saxta əqidəçiləri gördükcə onlardan da üz çevirir və bu zaman təklənir.
Çox məşhurun başına gələn hadisə onun da başına gəlir. Öz ən yaxın bildikləri tətəfindən zorlanır. Həyatı bir anda alt-üst olur. Canını bütün bu zəhrimardan, murdar irqçilikdən və axmaq nasist tör-töküntülərindən qurtarmaq istəyir.
Lakin hər şey o qədər də asan deyil...
Lakin hər şey sadəcə istəməklə olmur.
Derek həyatını elə həbsxanada dəyişməyə başlayır. Kitablar oxuyur, indiyənə kimi etdiyi səhvləri düşünür və həyatının necə də rəzil keçdiyini anlayır. Lazımsız əqidəsindən üz döndərir.
Və ona belə bir sual verilir: "Həyatını daha yaxşı keçirtmək üçün nə etmisən?"
Bax bu sual onu ağladır. Azadlığa çıxdıqdan sonra hər şeydən qurtulduğunu düşünür. Ancaq onun kimi gerifikirli zəncilər də az deyil. Bu zəncilər onun qardaşını öldürür.
Dereksə, sadəcə ağlayır və o, artıq heç nəyi geri qaytara bilməz.
Bəzən özümüzü tapmaq üçün bizdən aslı olmadan kimlərsə qurban olur. Atası öldükdən sonra skinxed olan Derek, qardaşı ölməmişdən az əvvəl skinxedliyə nifrət edən birinə çevrilir.
Belə bir amerikan hekayəsinə çəkilən film.
Son səhnə həqiqətən də acı idi.

пятница, 21 января 2011 г.

Heynrix Böll - The Clown (Bir təlxəyin düşüncələri)

Nobel mükafatı lauriatı dahi alman yazıçısı Heynrix Böll bu gün də mənim bloqumun qonağıdır )))
Onu ilk dəfə "www.qaradaqırmızı.com" saytında qoyulan "Bıçaqoynadan" hekayəsindən sonra tanımışam.
Əlimə bu kitab keçəndə çox sevinmişdim. Dəyərli bir şey olduğu adından bəlliydi onsuz da.
Təlxək.
Düşüncələr.
Bu cür şeylər hər zaman məni özünə çəkib. Bu balaca romanı oxumağa başlayandan sonra əl çəkə bilmədim və bir oturuma kitab bitdi. Söhbətlər və düşüncələr həqiqətən də çox maraqlı idi.
II dünya müharibəsindən sonrakı standart alman düşüncəsini yerlə yeksan eləyən bir ideya ilə qələmə alınan əsər məni yazıçının başqa kitablarını da oxumağa vadar etdi. Kitabın baş qəhrəmanı varlı riyakar ailəsinin bütün imkanlarından üz çevirib sevdiyi və özünü xoşbəxt saydığı işlə məşğul olmaq üçün evdən ayrılıb. O sadəcə olaraq bir təlxəkdir. Nömrələr göstərir, dala dombalaq aşır və ya öz yazdığı bir neçə satirik əhvalatları danışır tamaşasına gələnlər üçün.
Arvadı onu atıb getmişdir. Gülərüz təxəyin qrim arxasındakı peşmanlığı da var bu romanda. Ailəsi, dostları, sevdiyi həyat yoldaşı artıq dəyişib və onları tanımaq mümkün deyil.
Hər kəs müharibədən sonra nədənsə, şovinist ruhlarını tərk ediblər. Böllün təlxəyi isə hər zaman ateist olub və qatı katolik olan arvadının dini inanclarına dırnaqarası yanaşır.
Rahiblər, rahibələr, vətənpərvərlər, millətçilər, dindarlar və s. Bu tip fikirlər əsərdə darma-dağın edilir.
Sən demə, hər kəs, vicdanı rahatlığını yox, sadəcə mənfəətini güdürmüş...
Təlxəksə, pula ehtiyacı olduğu halda, öz atasından belə pul almır. Belə bir atadan pul almaqdansa, küçədə skripka çalıb dilənməyi üstün tutur...
Oxuyun. Maraqlıdır.

Onore de Balzak - Qorio ata

Balzakdan oxuduğum ilk və hələlik yeganə kitab. Nöqtə Vergülümün alımışdı mənə bu kitabı ))) 
Onun təriflərindən sonra oxudum. Həmişə hansısa kitabı oxumazdan əvvəl kitab haqqında bir az məlumatlanıram. Daha sonra ən maraqlı şey hadisələrin əsas axına necə keçəcəyi və bu keçidi gözləmək  olur. Amma "Qorio ata"da, düzünü desəm, bu cür olmadı. Kitabın əvvəlləri çox, dəhşətli dərəcədə maraqsız idi. Amma sonra təriflərin layiqli olduğunu anladım və kitab məni apardı. 
Hə şeydən əvvəl yazı dili superdi. Aydın, anlaşıqlı cümlələr və çox keçmiş kitablarda olduğu kimi qrammatik səhflərin azlığı kitabı əlimdən salmadı. 
Misyö Qorio 69 yaşına çatdıqdan sonra artıq sadəcə Qorio ata olub Madam Vaqur üçün. Vaxtilə yığdığı bütün pullar artıq əlindən uçub getmişdir və o tamamilə kasıblayıb. Pullarsa, xeyirli yerlərə də xərclənib.
Ailə faciəsi, möhtəşəm təsvirlər, təsirlilik dərəcəsi və s. və i.

Kitab, əminəm ki, sizə dərin düşüncələr ötürə biləcək. Həyatın nə qədər acımasız olduğu haqqında bir daha fikirləşəcəksiniz. 
"Biz kimik?" sualı gələcək ağlınıza. "Bu qədər yaxşılıqlar nəyə lazımdır? İnsan ki nankordur" deyəcəksiniz. 
Tapın və mütləq şəxsi kitabxananızda yer edin bu kitaba. 
Məsləhətim... 
Deyirəm ki, oxuyun... 

среда, 19 января 2011 г.

Heynrix Böll - O illərin çörəyi

Heynrix Böll. Qısa hekayələrindən və "Bir təlxəyin düşüncələri" romanından sonra bu romanı da oxudum.
Qısa, yığcam, balaca bir romandır. Bəlkə fəlsəfi ideyalar yox idi, ancaq real həyat təsvirləri və intim münasibətlərin ürkəkliyi ustaca qabardılmışdır əsərdə. II dünya müharibəsindən sonra baş qaldıran həyat mübarizəsi bütün Almaniyanı sarıb və dünya hamı üçün sanki bir tikə çörəyin ətrafında fırlanır. Baş qəhrəmansa, xatirələrini yadına salır. 
Uşaq vaxtı yediyi isti və asan tapılan çörəklər artıq ona yuxu kimi gəlir və o illərin çörəyini bir daha yeyə bilməyəcəyindən çox əmindir. 
Kitab Almaniyanın ən çətin və böhranlı vaxtlarındakı sadə bir insanın psixologiyasını gözlər önünə gətirir. Az həcmli olsa da, Böllün Nobel mükafatı almasında böyük rolu olan əsərlərdən biridir.
Hamıya nuş olsun... )))

вторник, 18 января 2011 г.

Bulanıq Bulanıq Dumanlı Yazı

Televizor gülməlidir (qorxmayın, televizordan yazası deyiləm).

Söndürüb bir otaqlı evinin pəncərəsini açdı (kim?). Hündür binada yaşayırdı. Amma bu binanın uzunluğu onun üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi. Çünki onun qəfəsi birinci mərtəbədəki üç mənzildən ən balacasıydı. Beşinci mərtəbə isə tamamilə bir insanın idi və o, mərtəbənin birotaqlı hissəsində öz ingilis dogunu saxlayırdı. Birinci mərtəbədə isə sərxoş bir rus televizordan bezib pəncərəni açmışdı.
Təsəvvür edin ki, dünyanın ən hündür binasının birinci mərtəbəsində yaşayırsınız. Özünüzü heç təhqir olunmuş kimi hiss edərdinizmi?
Siqareti çəkib külünü yerə atmadınsa, yeməyi yeyib zibilini camaatın bağına tullamadınsa, bunun nə ləzzəti?! O nə qonşuluqdu ?!
On il bundan əvvəl bu gün keçmişindən ən dəyərli pazılları tapmışdı sanki. Gözləri ışıl-ışıl idi. Sevinirdi. Diləfruz xalagilə də dəymişdi yolüstü. Qoca arvad evini ona bağışlayacaqdı öləndən sonra. O da buna görə həmin evi təmir elətdirmişdi. Arvada da, adamın üstündə Allah var, (Allahı qəsdən böyük həriflə yazıram və düşünürəm ki, bu necə ola bilər? Üstümdə Allahmı var yəni ki?) yaxşı baxırdı.

Qəzetlər yalandı (evimizin ən lazımlı otağı üçün ən lazımlı əşyalar elə bu kağızlardı).

(Siqaret markalarını yaxşı tanımadığımdan indi yazacağım cümlədə bədii zəiflik mövcuddur) Qara bir siqaret yandırıb ağzına soxdu (qəsdən "soxdu" yazıram. "Dürtdü"dən daha maraqlı olsun deyə). Sourmağa başladı (kobudam, özüm kimisi yoxdu). Burnu tüstüləyirdi. Qulağı qaşındı və barmağını da qulağına soxdu. Çıxaranda barmağının üstündə yapışqan, sarı, yumşaq, yumrulanmağa hazır bir nəsnə var idi. Boynunun altı qaşındı. Saqqalları uzanmışdı və birdən yadına düşdü. O iki ay idi ki çimmirdi. Bu yadına düşəndə çevrilib otağına baxdı. Gördüyü mənzərə acınacaqlı idi.
Yerdəki balaca kvadrat televizorun ətrafında qəzetə bükülü bir neçə araq şüşəsi vardı (axır ki televizorla qəzeti harasa bağlıya bildim). Evdən iyrənc bir qoxu gəlirdi. Milçək vızıltıları eşidilirdi. Birdən gözü küncdəki qəhvəyi "palçığa" sataşdı. Milçəklər bir neçə gün idi ki ziyafətdə idilər. Ye, ye, bitmir. Otaq iylənirdi. Düz onun yanında polun üstündə köhnə bir tava vardı. Yadına düşdü ki, o həmişə yemyini bu tavada yeyir. Tavanın böyrü də "palçıq" olmuşdu. Elə bir az bundan əvvəl yemək yemişdi axı...
Nə ? Yemişdi? Nə yemişdi?
Doğurdan e... Nə yemişdi görəsən? Tavanı əlinə alıb burnuna yaxınlaşdırdı. Az qala ürəyi gedəcəkdi. İylənmişdi. "Portağal" iysi gəlirdi tavadan.
Qapı döyüldü. Açdı. Qonşular idi. Üç dənə eyni adam. Ya da bir nəfər idi, o sərxoş olduğundan üç dənə görürdü bəlkə də.
-Sənin anan nə gözəl xanımdır?! Sənin bacın nə tərbiyəli qızdır?! Sənin ağzın necə də xoşagələndir?!
-Çox sağ ol. Sənin anan-bacın da, sənin ağzın da - dedi qonşuya və otaq qaraldı birdən.
Ayılıb gördü ki, bayaqki yeməyinin artığını yeyir. Həyatın ağzı necə də xoşagələndir, elə deyilmi? Yerdə uzanmışdı. Üzü-gözü "palçıq" olmuşdu. Ayaq baş barmağını dişləri daha da uzanmasın deyə oranı-buranı gəmirən böyük bir siçovul gəmirirdi. Qan axırdı barmağından. Amma o ac idi. Siçovul kimi. Ona görə də portağala ehtiyacı var idi.
Birdən ayağının artıq dözülməz dərəcədə ağrıdığını hiss etdi. O biri ayağını sakitcə yuxarı qaldırdı və var gücü ilə siçovulun başına çırpdı. Baş bir anda burun hissədən şişib partladı. İçindən bir az daha palçığa oxşar şeylər fışqırdı.
Ayağa qalxdı. Bir kiçik hərəkətlə ən böyük ağrısından qurtulmaq olarmış. Axsaya-axsaya balkona çıxdı. Göylərə baxdı. Hava qaralmışdı və ağ buludları külək sürüyüb aparırdı. Kipriklərindən sulu "palçıq" damcıldayırdı. Əllərini yana doğru açdı. Çox sərxoş idi. Dodaqları yana çəkildi. Gülümsəyirdi. Xoşbəxt idi. Həyatı xirtdəyə qədər peyinə batmış bir insan qədər xoşbəxt idi.
Özünü binadan aşağı atdı. Yerə çırpılanda ölməmişdi, ancaq sifəti it palçığına girmişdi. İsti idi. Hava da...Həyat onun üçün və çoxları üçün başdan-ayağa it peyini idi, onsuz da.
Sərxoş rus intihar etmək üçün birinci mərtəbədən özünü atmışdı. Bu çox ağıllı bir hərəkət idi.
Nuş olmuyacaq...

понедельник, 17 января 2011 г.

Into the Wild

Christopher McCandless hippi ruhlu insandı. Gəncdir. Cəmi 23 yaşı var. Rahat həyat onu boğur. Daha doğrusu ailəsi, ailəsinin saxtakarlıqları, cəmiyyət və insanlar. Bir sözlə o dərvişdi. İçində hər zaman bir səyyah olduğunu bilirdi. 
Bəzi məcburiyyətlərdən ötrü 20 yaşına kimi ailəsiylə qalır. Məsələn, universitet və s. 
Sonunda... Universiteti bitirən günün gecəsi bütün vəsiqələrini -şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, kredit kartlarını, universitet diplomunu və s. -hamısını doğrayıb kibrit vurub yandırır. 
Heç kəsə heç bir kəlmə də demədən gecəylə evdən çıxıb gedir. Eyniylə "A"da olduğu kimi. Hara getdiyini bilmir. Yollar onu gəzdirir. Yollar gedir, o izləyir. Yalnız bir məqsədi var. Alyaska və vəhşi təbiət.
Özünə yeni bir ad və ləqəb də seçir və getdiyi hər yerdə bu sözləri yazır:
"Burda Aleksandr Superavara olmuşdur". 
Çox kitab oxumağına baxmayaraq həyat təcrübəsinin az olduğu açıqca göstərilmişdir. Ən çox da sonuncu hissədəki qoca Ronla qarşılaşandan sonra. 
2 illik yolçuluqdan sonra nəhayət ki, Alyaskaya çatır. 
Özünün balaca bloknotunda adlandırdığı kimi "sehirli avtobusla" da elə burda qarşılaşır. Bu avtous sonralar onun tabutu da olacaqdı. Əvvəlcə hər şey əla keçirdi.  Onu özünə mənəvi oğul sayan Ron bu çətin yolçuluqda ona silah da hədiyyə etmişdi. Qışı rahat keçirdəndən sonra nisbətən istilər düşür. Qarlar əriyir. Yaşıllıqlar artır və təbii ki, soyuğ şəraitdə yaşayan heyvanların hamısı o yerləri tərk edirlər. Aleksin yem tapmağı hər gün daha da çətinlşir.
Və... Bir gün artıq bu vəhşi təbiətdə yaşamaq istəmədiyini anlayır. Bütün əşyalarını yığıb getmək istəyir. Lakin keçilməz çay ona burdan uzaqlaşmağa imkan vermir. Beləcə Aleks həyatının ən çətin və son anlarını yaşamağa başlayır və "Sehirli avtobusun" 9-cu həftəsində bu acımasız təbiətdə acından ölür. Ölümdə zəhərli bitkilərin də az rolu olmur. 
Ölməzdən əvvəl dəftərə bu son sözlərini yazır.
"Xoşbəxtlik o zaman vardır ki, onu kimləsə paylaşırsan"
 Film real faktlar əsasında çəkilib və Christopher McCandless 
öldüyü yerdən 2 həftə sonra tapılır.
 
 

воскресенье, 16 января 2011 г.

DejaVu

Bu yaxınlarda uşaqlarla birlikdə Dövlət Pantamima Teatrına getmişdik. "DejaVu" tamaşasına.
Evvəlcə elə də güclü bir şey gözləmirdim. Ancaq həmişə olduğu kimi, yenə də şərtlənməklərim məni yanıltdı.
Tamaşa çox ürəyimcə oldu. Balaca zala baxmayaraq işıqlar sönüb tamaşa başlayarkən elə ilk musiqidən özümü XX əsrin əvvəllərindəki Parisdə hiss etdim (Bunu ancaq filmlərdə görmüşəm). 
Cəmi iki aktyorla oynanılan tamaşa maraqlı bir eşq əhvalatından söhbət açır. Hərəkətlər, əllərin ayaqların rəqslər zamanı yellənərkən inasanın üzünə vuran küləyi, hər kəsi əmin edirəm ki, 5D effektli cinema-clublardan daha çox zövq verir insana.
Sevişən aşiqlərin əyləncəli xoşbəxt anları qızın oğlanın cibindən bir məktub tapmasıyla bitir. Məktub və şəkil.
Bundan sonra həmişə məndə olmağını istədiyim və heç vaxt da əskik olmayan sevgi iztirabları başlayır.
Bir qütbdə dava-dalaş, digərində yalvar-yaxar.
Yalanlar... Məncə, sevgini zədələyən ən asan, ən önəmli və ən birinci səbəbdir.
Peşman oğlan əzablarla bağışlanmağı gözləyir, amma qız çox qürurludur. Qız da yumşalır, ancaq qərarından da dönmür. Ayrılıq baş verir. Sevərək ayrılırlar qəhrəmanlar.
"Bəs deja vu harda qaldı?" deyə bilərsiniz. Deja vu tamaşanın sonunda hər şeyi tam da mən istdiyim məcraya gətirir.
Hər şey bir daha aşiqlərin ilk görüşmə səhnəsinə qayıdır. Qız olanları əslində yuxuda görürmüş və buna görə də çox sevinir. Sevgilisi əslində onu həqiqətən də mi aldatmışdı, ya yox, bunusa heç kəs bilmir.

Çox maraqlı tamaşa idi. Ən bəyəndiyim səhnə isə, sonuncu səhnələrdən biriydi. Qızın solo ifası zamanı. Tamaşanın başından bəri yığılı olan saçlarını açan qız, öz iztirabını gizlətmək üçün üzünə tökür. Özünü saçlarıyla gizlədir. Çox acınacaqlı bir səhnə idi. Həm də çox vahiməli. 
Təsəvvür edin. Qaranlıq səhnə və tam önünüzdə "Ring" filmindəki qıza bənzəyən bir şey. Amma çox gözəl görsənirdi qız. İfası da möhtəşəm idi.
Getməyə dəyər.
DejaVular bizə nəyi xatırladır? Çox maraqlıdır. Burdan Platona salamlar. DejaVunu ilk dəfə ondan oxumuşam.